AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Tarix boyu bir çox milli fəlakətlərlə üzləşmiş yəhudi xalqı İkinci Dünya müharibəsi zamanı ağır soyqırımı siyasətinə məruz qalmış, uşaqlara, qadınlara, qocalara belə aman verilmədən milyonlarla yəhudi faşizmin günahsız qurbanına çevrilmişdir.
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının bu dəhşətli qırğına, milli-dini ayrı-seçkiliyə qarşı tarixi etiraz aksiyası və öz milli haqları uğrunda qeyri-bərabər ölüm-dirim savaşına qalxması insan ləyaqətinin faşizm və zorakılıq üzərində mənəvi qələbəsi kimi tarixə düşmüşdür. Hər il bütün mütərəqqi bəşəriyyət bu hadisəni – Yəhudi xalqının müsibəti və qəhrəmanlığı gününü böyük ehtiramla və ürək ağrısı ilə yad edir.
Faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi qanlı soyqırımı siyasətinə vaxtında layiqli siyasi-hüquqi qiymət verilsə də, faciənin dəhşətləri, milyonlarla günahsız insanın şikəst taleləri hələ də ürəkləri göynətməkdə, tarixin yaddaşında qara ləkə kimi yaşamaqdadır. Təəssüf ki, belə cinayətlər bu gün də təkrar olunur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı törədilmiş deportasiya və soyqırımı cinayətləri, qanlı terror və kütləvi qətliamlar, misli görünməmiş Xocalı müsibəti beynəlxalq aləmin gözü qarşısında baş vermiş və hələ də ədalətli qiymətini almamışdır.
Biz yəhudi xalqının yaşamış olduğu milli bəlaları xatırlamaqla, hazırda bəşər sivilizasiyasını təhdid edən hər cür zorakılığı, milli-irqi ayrı-seçkiliyi, etnik-dini dözümsüzlüyü, soyqırımı və terror cinayətlərini qətiyyətlə pisləyir, dünyada sülh və təhlükəsizlik naminə bütün mütərəqqi qüvvələrlə əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik.
Əziz həmvətənlər!
Azərbaycanda tarixən dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar mehriban ailə kimi yaşamış, bir-birinin dərdinə, sevincinə ortaq olmuşlar. Yəhudi xalqının milli hüzn günündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2006-cı il.