Azərbaycanın yeniyetmə taekvondoçuları dünya birinciliyində 12 nəfərlə təmsil olunacaq
Bakı, 19 avqust, AZƏRTAC
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycanın yığma komandası Qəbələdə keçirilən təlim-məşq toplanışını başa vurduqdan sonra dünya birinciliyində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Dünya Taekvondo Federasiyası tərəfindən Koreya Respublikasının Muju şəhərində keçiriləcək dünya birinciliyinə Azərbaycan milli komandası 12 nəfərlik heyətlə qatılacaq. Avqustun 23-də başlayacaq yarış dörd gün davam edəcək.
Qitə birinciliyində ölkəmizi Elgün Həmidov, Bəhruz Quluzadə (-37 kq), Ziya Xəlilov (-41 kq), Samir Məhərrəmov (-45 kq), Ruslan Seyidov (-49 kq), Yunis Məmmədzadə (-53 kq), Cavid Sultanov (65 kq-dan yuxarı), qızlardan isə Ofeliya Allahverdiyeva (-29 kq), Minayə Əkbərova (-33 kq), Sevda Pirseyidova (-37 kq), Zalikə Babayeva (-44 kq) və Nərmin Süleymanova (-47 kq) təmsil edəcəklər.
Komandamız yarışda baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mübarizə aparacaq.
Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandamız iyulda Strasburqda təşkil edilən Avropa birinciliyində dörd medal qazanaraq uğur qazanmışdı. Bəhruz Quluzadə (-37 kq) qızıl, Sevda Pirseyidova (-37 kq) gümüş, Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) gümüş medala sahib olmuşdular.
Millimiz avqustun 28-də Vətənə qayıdacaq.