Azərbaycanla Böyük Britaniya arasındakı əməkdaşlıq regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan və Böyük Britaniya arasındakı əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, eyni zamanda regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən bir fəaliyyətdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfərinin iki ölkənin iqtisadi əlaqələrinin inkişafına verdiyi töhfəni şərh edərək deyib.
O bildirib ki, Böyük Britaniya Azərbaycan üçün strateji ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyanın həcminə görə Böyük Britaniya birinci yerdədir. Böyük Britaniya yalnız enerji sektorunda deyil, eyni zamanda qeyri-neft sektorunda aktiv iştirak edən ölkələrdəndir. 1991-ci ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsində də Böyük Britaniya və bu ölkəni təmsil edən şirkətlərin rolu kifayət qədər böyük olub. BP tərəfindən həmin dövrlərdə Azərbaycana bonusun verilməsi təmin edilib və BP Azərbaycanda neft sənayesinin yenidən qurulmasını və modernləşdirilməsini həyata keçirib. Nəticədə BP və digər neft şirkətlərinin həyata keçirdiyi investisiyalar həm Azərbaycan iqtisadiyyatında dayanıqlı iqtisadi artım tempinin formalaşmasında və qorunub saxlanmasında, həm də iqtisadi baxımdan ölkənin müstəqilliyinin güclənməsinə imkan yaradıb. Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşu və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi və siyası müstəqilliyinin qorunub saxlanmasında həlledici faktorlardan birinə çevrilib.
“Hazırda BP və Böyük Britaniyanın digər şirkətləri Azərbaycan iqtisadiyyatında fəal tərəfdaşlardan biridir. Cənub Qaz Dəhlizinin formalaşdırılmasında, reallaşdırılmasında BP-nin rolu kifayət qədər böyükdür. Azərbaycan və Böyük Britaniya arasındakı əməkdaşlıq yalnız sözügedən iki ölkənin iqtisadi maraqlarına deyil, eyni zamanda regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən bir fəaliyyətdir. “Cənub Qaz Dəhlizi” layihəsi ilə birinci mərhələdə Avropaya 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qazın ixrac edilməsini nəzərdə tutulub ki, bu da Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə kimi qiymətləndirilir”, - deyə V.Bayramov vurğulayıb.
Ekspert qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr həm də regionda sülhün və təhlükəsizliyin formalaşması, bütövlükdə regionun inkişafı baxımından çox vacibdir. İki ölkə arasındakı strateji və uzunmüddətli dövrü əhatə edən, perspektivdə inkişaf tendensiyası üzrə davam edən əlaqələr və münasibətlər Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə birbaşa təsir göstərir. Bu xüsusən də regionda təhlükəsizliyin formalaşması üçün əsas qarantlardan birinə çevrilməkdədir.