Azərbaycanla əməkdaşlığın yeganə doğru yolu qarşılıqlı ehtiramdır
Strasburq, 27 yanvar, AZƏRTAC
Artıq 15 ildir ki, Azərbaycan Avropa Şurası ailəsində uğurla fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan özü inkişaf etməklə yanaşı, Avropa Şurasının tərəqqisinə də dəyərli töhfələr verib. Lakin istər Avropa Şurasında, istərsə də bir sıra başqa beynəlxalq qurumlarda, təəssüf ki, ölkəmizə qarşı ikili standartlarla yanaşmaq, müəyyən məqamlarda Azərbaycana təzyiq göstərmək cəhdləri davam edir.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı və qış sessiyasının ilk iş günlərində parlamentarilərə təqdim etdiyi müraciət diqqəti məhz bu məsələlərə yönəldir.
Müstəqilliyin Azərbaycanın ali sərvəti olduğunu vurğulayan R.Hüseynov ölkəmizə qarşı ədalətsiz münasibətin və təzyiqlərin yolverilməz olduğunu, dövlətimizi dürüst seçimlərindən yayındırmaq istəyən qüvvələrin niyyətlərinin baş tutmayacağını bildirir: “Tək insanın da, bütöv xalqın və dövlətin də daim seçim imkanının olması həmişə arzuediləndir. Lakin hər bir insanın, xalqın və dövlətin də seçmək imkanından məhrum edilməsi, yaxud pis seçimə vadar olunması arzuedilməzdir.
Avropa Şurasını Azərbaycan özü seçib. 25 il əvvəl sovet imperiyasından qurtularaq müstəqilliyini elan edən Azərbaycan lap əvvəldən Avratlantik məkana inteqrasiya xəttini tutdu. Məhz bu doğru və yeni dövrün tələbi olan təbii seçiminə görə Azərbaycan uzun müddət hücumlara, təzyiqlərə məruz qaldı.
Hər dövlət üçün müstəqilliyi əzizdir və bu, onun ali sərvətidir. Lakin Azərbaycan kimi yeni müstəqillik əldə etmiş, həm də müstəqilliyini bir dəfə itirərək onu uzun illərdən sonra bərpa etmiş bir ölkə üçün istiqlalın dəyəri müstəqilliyinin yaşı əsrlərlə ölçülən dövlətlərlə müqayisədə daha artıqdır”.
Müraciətdə qeyd edilir ki, 15, 10 və hətta 5 il öncəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edəndə demokratik dəyərlərin bərqərar olması baxımından ölkəmizin nə qədər irəli getdiyi aydın görünür. Bu xəttimizi qətiyyətlə davam etdirmək əzmindəyik.
Deputat Avropa Şurasının da Azərbaycana münasibətdə bəzi hallarda üzə çıxan arzuolunmaz yanaşmalara tənqidi münasibətini ifadə edib: “Təəssüf ki, Avropa Şurasından da ara-sıra qərəzli, ikili standartlara əsaslanan sərt münasibətlə rastlaşırıq. Belə qərəzli münasibəti ayrı-ayrı lobbilərin təsiri altında olan müəyyən deputatlardan görməyə çox da əhəmiyyət verməyə bilərik, amma belə qərəzli, ədalətsiz yanaşma məchul səbəblərə görə Avropa Şurasının baş katibi tərəfindən dilə gətiriləndə istər-istəməz narahatlıq doğurur, müstəqilliyimizə zədə yetirmək, səmərəli əməkdaşlığa zərbə vurmaq cəhdi kimi qavranılır.
Biz, müstəqilliyimizə nə şəkildəsə kölgə sala biləcək istənilən hərəkəti qətiyyətlə rədd edirik. Dost saydığımız ölkələrə, əməkdaşlıqda maraqlı olduğumuz beynəlxalq qurumlara bu haqda düşünməyi tövsiyə edirik ki, əleyhimizə belə addımları atanda fikirləşsinlər”.
Deputat R.Hüseynov son olaraq Azərbaycana ikili yanaşma nümayiş etdirən dövlətləri, eləcə də Avropa Şurasını ölkəmizə yalnız bərabərhüquqlu yanaşma əsasında qurulan ehtiramlı münasibətə, səmimi iş birliyinə çağırıb: “Müstəqilliyimizi qorumaq və inkişaf etdirmək yolunda bizim yanılmaq haqqımız yoxdur. Mövqelərinizi dürüst, əsl dostcasına, hədələrsiz, hökmlə, əmrlə deyil, müstəqilliyimizə müdaxilə etmədən, bərabərhüquqlu tərəfdaşlar kimi ifadə edin!”
Bu sənəd AŞPA katibliyi tərəfindən kütləvi tirajla nəşr edilərək yayılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq