AZƏRBAYCANLA NİDERLAND ARASINDA HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Niderland Krallığının Cənubi Qafqazdakı səfiri Harri Molenaarı onun xahişi ilə qəbul etmişdir.
Azərbaycanda həyata keçirilən demokratik islahatlar və Prezidentimiz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edən nazir qabaqcıl Avropa dövlətləri ilə hüquqi sahədə əməkdaşlığın inkişafından danışmışdır. O, ötən ilin fevralında başçılıq etdiyi nümayəndə heyətinin Niderland ədliyyə nazirinin dəvəti ilə həmin ölkəyə səfəri çərçivəsində ölkələrimizin ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumunun hüquqi sahədə qarşılıqlı fəaliyyət üçün zəmin yaratdığını qeyd etmişdir.
Səfir H.Molenaar Niderlandın Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini bildirərək ölkəsinin bir sıra birgə tədbirlər keçirmək niyyətində olduğunu qeyd etmiş, dövlətlərimiz arasında hüquqi əməkdaşlıq üzrə yaranmış münasibətlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə nümayəndə heyətimizin Niderlanda səfəri zamanı keçirilmiş işgüzar görüşlərin nəticəsi olaraq Niderland Beynəlxalq hüquq əməkdaşlığı mərkəzinin Azərbaycanla əməkdaşlığa maraq göstərərək, ölkəmizdə aparılan hüquqi islahatlara yardım təşəbbüsü ilə çıxış etməsi məmnuniyyətlə qeyd olunmuş, hakimlərin təhsili, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi məsələsi və əməkdaşlığın perspektivləri müzakirə olunmuş, konkret tədbirlər barədə razılıq əldə edilmişdir.
Qəbulda səfirliyin Bakıda daimi nümayəndəsi Reyn Burmans və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]