CƏMİYYƏT
Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Sentyabrın son günlərində Polşanın Varşava Universitetində XIII Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilib.
Türkiyənin İhsan Doğramacı adına Bilkent Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetini (ATU) Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə təmsil edib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransın bölmə iclasında həmyerlimizin “Mücərrəd mənalı sözlərin oğuz dillərində müqayisəsi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı səfiri, professor Həsən Həsənov ölkəmizin nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüş zamanı o, Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb. Səfir dilçi alim D. Rəhimzadəni “ Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib.
Ölkəmizdən olan nümayəndə heyətinin üzvləri 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi, polyak əsilli Matkey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizələrin xatirəsinə” abidəsini də ziyarət ediblər.