Azərbaycanlı alim Tacikistan Elmlər Akademiyasının Astrofizika İnstitutunda mühazirə oxuyub
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, dosent Ədalət Ətayi Tacikistan Elmlər Akademiyasının (TEA) prezidenti, akademik Farxod Rahiminin dəvəti ilə həmin ölkədə elmi ezamiyyətdə olub.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin əsas məqsədi Ədalət Ətayinin rəsmi opponent qismində TEA Astrofizika İnstitutunun əməkdaşı Abduljalal Səfərovun fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alması üçün təqdim etdiyi ”Kometalarda anomal quyruğun yaranması şəraitinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsində iştirak etmək olub.
Səfər çərçivəsində Ədalət Ətayi Astrofizika İnstitutunun əməkdaşları üçün “N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında planetlərin tədqiqi” mövzusunda məruzə oxuyub, rəsədxanada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib, sualları cavablandırıb.
Tədbirdə çıxış edən Astrofizika İnstitutunun direktoru, TEA-nın müxbir üzvü Gülçöhrə Koxirova bu cür görüşlərin keçirilməsinin Şamaxı Rəsədxanası ilə rəhbərlik etdiyi elmi müəssisə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini söyləyib.