İDMAN
Azərbaycanlı cütlük 12-ci dünya yaş qrupları yarışlarının balans hərəkətlərində çıxışını təqdim edib
Bakı, 3 mart, AZƏRTAC
Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət Azərbaycanın kişi cütlüyü Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında balans hərəkətlərində çıxışını təqdim edib.
AZƏRTAC xəbər verir ki, 12-18 yaş kateqoriyasında mübarizə aparan cütlüyümüzün təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 23,310 xalla qiymətləndirilib.
Hazırda komandamız sıralamada yeddinci pillədə qərarlaşıb.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.