AZƏRBAYCANLI DEPUTAT AŞPA ÜZRƏ MƏRUZƏÇİ TƏYİN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Hüquqi Məsələlər və İnsan haqları komitəsinin növbəti yığıncağı keçirilmişdir.
Yığıncaqda Avropa Şurasına üzv ölkələrdə məhbus qadınların vəziyyəti məsələsi müzakirə edilmişdir. Qeyd edilmişdir ki, bu gün bütün dünyada qadınlara hər cür zorakılığa qarşı mübarizə məsələsi aktual olduğu bir vaxtda məhbus qadınların həbsxana həyatı, onların saxlanma şəraiti diqqət mərkəzindədir. Avropa Şurasının üzvü olan 47 dövlətin heç də hamısında qadınların saxlanma şəraiti yaxşı deyil və qurumun tələblərinə cavab vermir. Ona görə də bu problem üzrə xüsusi məruzəçinin təyin edilməsinin vaxtı gəlib çatmışdır.
Komitə üzvləri azərbaycanlı deputat Gültəkin Hacıyevanın məhbus qadınların vəziyyəti üzrə məruzəçi təyin edilməsini yekdilliklə qərara almışlar.