AZƏRBAYCANLI DEPUTAT ERMƏNİSTANIN AVROPA ŞURASINA LAYİQ OLMAMASI BARƏDƏ SƏNƏD HAZIRLAMIŞDIR
Xatırladaq ki, ötən illərdə də R.Hüseynov Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açan bir sıra sənədlər hazırlamışdı. Bununla əlaqədar deputat AZƏRTAC-ın müxbirinə demişdir: Avropa Şurasında bir sıra sənəd formaları mövcuddur: tövsiyə üçün qətnamə, tövsiyə üçün təkliflər, yazılı bəyanat və Nazirlər Komitəsinə ünvanlanan yazılı sual. İndi təqdim etdiyimiz sənəd Nazirlər Komitəsinə ünvanlanmış yazılı sual şəklindədir.
Ötən illərdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti ən müxtəlif yönlərdən göstərən bir sıra ciddi sənədlərimiz olmuş və onlar müvafiq komitələrdə dəfələrlə müzakirə edilmişdir. Ermənistanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərdən olan işğala son qoymaq, hərbi münaqişəni sülh yolu ilə başa çatdırmaq məsələsi barədə dəfələrlə məsələ qaldırmışıq. Lakin Ermənistan Azərbaycana qarşı işğalçı siyasətinə son qoymur, əksinə, işğal altındakı ərazilərdə yeni-yeni cinayətlər törətməkdə davam edir. Üstəlik, Azərbaycana qarşı, xüsusən Naxçıvan Muxtar Respublikasına qarşı yeni işğal planları barədə artıq mətbuat səhifələrində də açıq şəkildə fikirlər söyləməkdədir.
AŞPA-da ötən beş illik fəaliyyətin nəticəsi ondan ibarət oldu ki, 2004-cü ilin yanvarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalı əks etdirən xüsusi bir məruzə hazırlandı və həmin məruzəyə dair qətnamənin elə ilk bəndindəcə göstərildi ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycana və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və Dağlıq Qarabağ rejimi separatçı rejimdir. Bu, kifayət qədər ciddi, Avropa Şurasının mövqeyini əks etdirən bir sənəddir və Avropa Şurasında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar yaradılmış alt komitə həmin problemi daim nəzarətdə saxlayır.
Yeni hazırlanan sənəd - Nazirlər Komitəsinə ünvanlanmış yazılı sual bir növ Ermənistanın beş illik fəaliyyətinə qiymət verir. Sənəddə göstərilir ki, Ermənistan Avropa Şurası qarşısındakı öhdəliklərini müntəzəm olaraq pozduğuna, Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq barədə öhdəliyinə əməl etmək əvəzinə, bu işğalı daha da dərinləşdirmək istiqamətində yeni addımlar atdığına və eləcə də, öz ölkəsi daxilində insan hüquqlarına münasibətdə son dərəcə mənfi mövqedə dayandığına görə, Avropa Şurası sıralarında qala bilməz. Yaxın günlərdə həmin sənədin Nazirlər Komitəsində müzakirəsi gözlənilir. Müzakirədən sonra Nazirlər Komitəsinin hazırladığı cavabla birlikdə bu sənəd nəşr olunacaqdır. Məqsəd nədən ibarətdir? Məqsəd Ermənistanın işğalçı dövlət olduğunu, bu ali təşkilatın tələblərinə cavab vermədiyini, meyarlarına uyğun gəlmədiyini bir daha Avropa deputatlarına göstərməkdən ibarətdir. Biz gələcək fəaliyyətimizdə də Ermənistanın işğalçı mahiyyətini ifşa etmək xəttini hökmən davam etdirəcəyik və belə sənədlərimiz hələ çox olacaqdır.
X X X
Avropa Şurasının təməl prinsiplərinə və əsas meyarlarına
zidd fəaliyyət göstərən işğalçı Ermənistanın butəşkilatın üzvlüyündə qalmasının yolverilməzliyi
Nazirlər Komitəsinə yazılı sual
“2001-ci ilin yanvarında Avropa Şurası ailəsinə üzv qəbul edilərkən, Ermənistan Respublikası bu təşkilata daxil olan üzv dövləti işğal etmiş yeganə ölkə idi. Təşkilatın qarşısında götürdüyü öhdəliklərin əksinə olaraq, Ermənistan ərazisinin 20 faizini tutduğu Azərbaycana qarşı işğal siyasətinə son qoymadı. Avropa Şurasının 2001-2005-ci illərdəki çoxsaylı sənədlərində göstərildiyi kimi, Ermənistan son 5 ildə Azərbaycana qarşı apardığı hərbi təcavüz və işğalın miqyaslarını genişləndirmək üçün yeni planlar tərtib etdi, Azərbaycan Naxçıvan Muxtar Respublikasını da ələ keçirmək niyyətlərini bəyan etdi, Azərbaycanın ekologiyasına ciddi zərbələr vurdu, işğal altındakı nəzarətsiz ərazilərdə narkotiklərin yetişdirilməsi və tranziti, nüvə tədqiqatlarının aparılması və nüvə qəbiristanlıqlarının yaradılması, terrorçu qruplaşma və birliklərin təsis edilməsi, terrorçuların təlim düşərgələrinin fəaliyyətinin təmin edilməsi ilə məşğul oldu. Ermənistan daxilində mövcud olan antidemokratik rejimin başçısı prezident R.Koçaryan Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının əsas iştirakçılarından biridir və Avropa Şurası tribunasından çıxış edərkən bunu etiraf etdi, bundan iftixar duyduğunu bildirdi və problemin sülh yolu ilə nizamlanmasına hazır olmadığını açıq şəkildə nümayiş etdirmiş oldu. Təsadüfi deyil ki, Avropa Şurasının 5 illik müşahidələrinin nəticəsi olan ayrıca qətnamədə Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan birmənalı şəkildə işğalçı kimi göstərilmişdir.
Bütün bunları nəzərə alaraq, Rafael Hüseynov Nazirlər Komitəsindən sual edir:
Avropa Şurasının üzvü olaraq fəaliyyət göstərdiyi 5 il ərzində bu qurumun təməl prinsipləri və əsas meyarlarının əleyhinə getmiş, bütün fəaliyyəti ilə Avropa Şurası ailəsinə layiq olmadığını əyani şəkildə nümayiş etdirmiş, Azərbaycana qarşı apardığı işğal siyasətinə görə AŞPA tərəfindən rəsmən təcavüzkar kimi təsbit edilmiş, ölkə daxilində demokratik dəyərlərin inkişafına ciddi maneələr yaratmış Ermənistan Respublikasının bu təşkilatdan kənarlaşdırılmasının vaxtı yetişməyibmi?”