AZƏRBAYCANLI DEPUTAT NAZİRLƏR KOMİTƏSİNƏ SUALLA MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yan Petersen hesabat məruzəsində ölkəmizlə bağlı məqamlara toxunmuşdur. O, Prezident İlham Əliyevin son əfv fərmanını xüsusi qeyd etmiş və dövlətimizin başçısının bu qərarının Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində ciddi addım olduğunu bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaişəsindən də bəhs edən komitənin sədri problemin sülh yolu ilə həlli istiqamətində dövlət başçıları arasında danışıqların bərpasını yüksək qiymətləndirmişdir.
Məruzədən sonra Yan Petersen Avropa Şurasının qaydalarına uyğun olaraq, deputatların bir gün öncə yazılı şəkildə ona ünvanlanmış on beş sualına cavab vermişdir.
Azərbaycanlı deputat Rafael Hüseynovun sualında bildirilir ki, sədr kimi fəaliyyəti dövründə Y.Petersenin əsas ideyalarından biri mədəniyyətlər və dinlər arasında əlaqələr problemi ilə bağlı olmuşdur. Sual olunur ki, Avropa Şurası mədəniyyətlər və dinlərarası əlaqələri inkişaf etdirmək, real nəticələrə nail olmaq üçün İslam Konfransı Təşkilatı ilə hansı əlaqələri qura bilər və onları necə inkişaf etdirmək fikrindədir?
Y.Petersen cavabında artıq İslam Konfransı Təşkilatı ilə Avropa Şurası arasında əlaqələrin mövcudluğunu, məhz bu istiqamətdə əməkdaşlıq üçün ciddi perspektivlərin olduğunu bildirmişdir.
Əlavə sual vermək imkanına malik olan R.Hüseynov Komitə sədrinə ikinci bir sualla müraciət etmişdir: komitə sədri kimi yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfəriniz zamanı İslam Konfransı Təşkilatı ilə Avropa Şurası arasında mədəniyyətlər və dinlərarası əlaqələri inkişaf etdirmək baxımından İKT-nin üzvü olan Azərbaycanın hansı köməyindən istifadə edə bilərsiniz?
Yan Petersen cavabında demişdir ki, Azərbaycanın həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvü olması bu iki təşkilat arasında əlaqələrin inkişafına çox ciddi təsir göstərəcək amildir və Azərbaycana səfəri zamanı bu istiqamətdə danışıqlar aparacaq, onun potensial imkanlarından istifadə üçün maksimum səy göstərəcəkdir.