Azərbaycanlı rəssam: Aprel döyüşlərinin qələbəsi məni qəhrəmanlıq mövzularında işləməyə ruhlandırıb
Ankara, 5 aprel, AZƏRTAC
2016-cı ilin Aprel döyüşlərinin qələbəsi məni qəhrəmanlıq mövzusunda işləməyə ruhlandırıb. Sənət adamı üçün qəhrəmanların obrazına müraciət etmək çox şərəflidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyev deyib.
Xalqımızın sülhsevər, qonaqpərvər, səxavətli və digər yüksək keyfiyyətlərə malik olduğunu diqqətə çatdıran rəssam təəssüflə bildirib ki, bəzi hallarda bu əlamətlər nəyinki fayda gətirmir, əksinə problemlər yaradır. Vaxtilə Azərbaycan torpaqlarına köçməyə başlayan ermənilərə xalqımız tərəfindən hər cür qonaqpərvərlik göstərildi. Qarşılığında xəyanət və qəsbkarlıq gördük. Odur ki, tarixdə baş verənləri unutmamaq və hərtərəfli qüvvətlənmək hamımız üçün həyat amalı olmalıdır.
Tarixi həqiqətlərin tablolara köçürülməsinin əhəmiyyətindən danışan rəssam qeyd edib ki, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsində sənət adamlarının, o cümlədən rəssamların üzərinə tarixi məsuliyyət düşür. “Əminliklə bildirirəm ki, vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində qəhrəmanlıq göstərən qazi və şəhidlərimizin hər birinə həsr olunan tablo minlərlə vətən fədaisi yetişdirir”,-deyə rəssam fikirlərini tamamlayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara