Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri, nəticələri, dərsləri
Naxçıvan, 31 mart, AZƏRTAC
Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər dövlətyaratma xülyalarını gerçəkləşdirmək üçün heç bir tarixi əsası olmayan “torpaq mübarizəsi”nə başlayıblar. Bu arzunun reallaşması üçün mənfur düşmən dinc Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini həyata keçirib, çoxsaylı qətliamlar törədib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri, nəticələri, dərsləri” mövzusunda keçirilən konfransda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev erməni vəhşilikləri ilə bağlı faktları diqqətə çatdırıb. 200 ildən artıq müddət ərzində bölgədə süni şəkildə formalaşdırılan “erməni sindromu” haqqında danışan alim ermənilərin tarixin müxtəlif dövrlərində Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasətindən ətraflı bəhs edib.
Akademik bildirib ki, 1918-ci il 31 mart qırğınlarının əsas qayəsi bölgədə etnik balansı dəyişmək və ermənilərin mənfur planlarının reallaşması üçün zəmin hazırlamaq idi. Həmin vaxtlar törədilən ağlasığmaz cinayətlərin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb, bir sıra həqiqətlər üzə çıxarılaraq xalqımızın qan yaddaşına həkk olunub. Lakin AXC-nin süqutundan sonra bu reallıqlar məqsədli şəkildə unutdurulub.
“Sözügedən tarixi cinayətlərə ilk adekvat siyasi qiymətin verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunub, xalqımıza qarşı törədilən erməni qəddarlığı rəsmi şəkildə bəyan edilib”, - deyən İsmayıl Hacıyev vurğulayıb ki, aparılan məqsədyönlü siyasətin davamı olaraq Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncam imzalayıb. Qəbul olunan hər iki dövlət sənədi erməni vandalizmini ifşa etməklə yanaşı, çoxsaylı tədqiqatların aparılmasına, beynəlxalq aləmdə təbliği məsələlərinə rəvac verib.
Vətən müharibəsinin siyasi nəticələri ilə bağlı danışan alim deyib ki, Ali Baş Komandanın səriştəli rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar təkcə düşməni diz çökdürməyib, bu, ermənilərin əsrlərdən bəri davam edən “missiyasına” tutarlı cavab olub. Düşmən artıq anlayıb ki, apardığı təcavüzkar siyasət Prezidentimizin güclü siyasi iradəsi, qətiyyəti, ordumuzun qüdrəti, gücü sayəsində birdəfəlik tarixin arxivinə göndərilib.
Konfransda AMEA Naxçıvan Bölməsi əməkdaşlarından dosent Emin Şıxəliyevin “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”, dosent İlhami Əliyevin “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar”, dosent Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası” və dosent Elxan Məmmədovun “31 mart soyqırımı bədii ədəbiyyatda” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.