“AZƏRDÖVLƏTBAŞLAYİHƏ” İNSTİTUTUNUN DİREKTORU YAŞAR MİRZƏZADƏNİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Böyük qürur və fəxr hissi ilə bu şərəfli işin - məktəb binalarının tikilməsinə dair layihələrin respublikanın aparıcı institutlarına tapşırıldığı üçün hörmətli Mehriban xanıma əvvəlcədən bütün kollektivlər adından öz minnətdarlığımı bildirmək istəyirəm.
Respublikamızın rayon və kəndlərinə ezam olunaraq topoqrafik və geoloji axtarış işlərinə başlayarkən kənd əhalisi - müəllimlər, şagirdlər gəlişimizin məqsədini, yəni Heydər Əliyev Fondu hesabına yeni məktəb binasının tikiləcəyini biləndə sevinclərini, minnətdarlıqlarını sizə çatdırmağı bizdən xahiş edirdilər. On illərlə məktəblər tikilmirdi, 2005-ci ildə isə 132 məktəb 3-4 ay ərzində inşa olundu. Biz layihəçilərin də fikrincə, bu, tarixi bir hadisə idi. Kəndlərin, qəsəbələrin sakinləri də bu işlərdə təmənnasız işləyir, ürəklə kömək edirdilər.
Hazırda layihələndirdiyimiz məktəblərin respublikamızın rayonlarında və Bakının ətraf qəsəbələrində tikilməsi nəzərdə tutulmuşdur. Rayon və kəndlərdə 100, 200 və 240 şagirdlik birtipli məktəblərin tikilməsi, Bakıətrafı qəsəbələrdə isə 100, 180, 200, 240, 500 və daha artıq şagirdlik əlavə korpusların və idman salonlarının tikilməsi tapşırılmışdır. Əlavə korpusların tikiləcəyi məktəblərin əsaslı təmiri və istilik təchizatı da nəzərdə tutulmuşdur.
Keçən il kənd məktəbləri odun sobaları ilə qızdırılırdısa, bu il məktəbləri daşkömür və ya odunla işləyən qazanxanalar istiliklə təmin edəcəkdir.
Şagirdlərin sayı 240 və çox olan məktəblərdə idman salonları da layihələndirilmişdir.
Məktəb binalarının tikintisində işlənilən inşaat materialları əsasən yerli materiallardan ibarətdir. Belə ki, əsas yükdaşıyan divarlar əhəngdaşıdan, arakəsmələr kərpicdən, örtüklər monolit dəmir-betondan, çardaq tipli dam örtüyü metal kirəmitdən, döşəmələr taxtadan, pəncərələr metal plastikdən, qapılar isə ağac materiallarından olacaqdır. Məktəblərin plan həllində bəzi dəyişikliklər aparılmışdır.
Layihələndirmə artıq başa çatmaq üzrədir. Ekologiya, yanğından mühafizə məsələləri və s. müvafiq qurumlarla razılaşdırılaraq Dövlət Baş Ekspertiza İdarəsinin rəyindən sonra yaxın günlərdə Sifarişçiyə təqdim ediləcəkdir.
Hörmətli Mehriban xanım, bir daha sizə öz minnətdarlığımızı bildirir, respublikamızın inkişafı üçün gələcək layihələrinizdə bizim də iştirak etməyimizi arzulayaraq, sizə uğurlar diləyirik.
MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Mən qeyd etdim ki, biz bu layihənin birinci mərhələsini həyata keçirərkən böyük təcrübə qazandıq. Abid müəllim, siz düz dediniz, artıq istifadəyə verilən məktəblərə baxanda görürük ki, bir sıra qüsurlar var. Bu da təbiidir, çünki çox irimiqyaslı bir layihədir və olduqca qısa müddətdə həyata keçirildi. Məqsəd belə qoyulmuşdu ki, çox qısa bir zamanda tikinti başa çatsın. Çünki o məktəblərdəki şəraiti buradakı tədbirdə hamımız görmüşdük. Mən hesab edirəm ki, o cür şəraitdə nəinki təhsil almaq, orada heç 5-10 dəqiqə qalmaq da çətin idi. Ona görə də tikintidə bəzi qüsurlar oldu. İkinci mərhələdə onlar təhlil edilir, öyrənilir. Siz dediniz, təbii ki, bugünkü müasir dünyada artıq o normativlər işləyə bilmir. Ona görə də biz müasir tələblərə cavab verən məktəblər inşa edəcəyik. İkinci mərhələdə istilik sistemi artıq mərkəzləşmiş olacaq, başqa səhvlər də aradan qaldırılacaqdır. Bir də qeyd edirəm ki, belə layihənin həyata keçirilməsi yalnız birgə səylərimizin nəticəsidir. Yerli insanlar da nə qədər həvəslə, canıyananlıqla inşaatçılara kömək edirdilər. Sahibkarlar, şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus - hamının birgə səyləri nəticəsində belə bir layihəni qısa zamanda reallaşdırmaq mümkün oldu.
X X X
Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerə söz verildi.