“AZƏRENERJİ” AzərTAc-ı MÜKAFATLANDIRIR
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) iyun ayının yekunlarına görə respublikanın kütləvi informasiya vasitələri arasında enerji mövzusunun ən yaxşı işıqlandırılmasına görə aylıq müsabiqənin qalibi olmuşdur. “Azərenerji” SC-nin mətbuat xidməti bu yaradıcılıq yarışını 2002-ci ilin əvvəllərindən başlayaraq keçirir. İndiyədək 16 mətbuat orqanı bu müsabiqənin qalibi adını qazanmışdır. Mükafatın AZƏRTAC-a təqdim olunması mərasimində “Azərenerji” SC mətbuat xidmətinin rəhbəri, Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə çıxış edərək demişdir ki, AZƏRTAC enerji sahəsinin nailiyyət və problemlərini, xarici sərmayə cəlb olunmasına yönəlmiş beynəlxalq əlaqələrini peşəkarlıqla işıqlandırır. İnformasiya agentliyinin abunəçilərinin coğrafiyasının əhatəliliyi sayəsində sahənin yeniliklərindən təkcə yerli KİV, respublikanın müxtəlif nazirlik və idarələri, diplomatik missiyalar, Bakıda fəaliyyət göstərən beynəlxalq firma və şirkətlər yox, həm də beynəlxalq ictimaiyyət xəbər tutur. Azərbaycan Dövlət Teleqraf Agentliyinin Baş direktoru Aslan Aslanov mükafata görə təşəkkürünü bildirdikdən sonra energetika sahəsində çalışanların şərəfli işini qeyd etmiş, hələ ötən əsrin 80-ci illərində respublikaya rəhbərliyi zamanı Prezident Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil energetika sisteminin formalaşdığını, bu gün həmin sahədə heç bir dövlətdən asılı olmadığını vurğulamışdır. Natiq həmçinin “Azərenerji” SC mətbuat xidmətinin peşəkarlığına toxunmuş, xidmətin təşəbbüsü ilə Səhmdar Cəmiyyətin orqanının - fəaliyyətini bərpa etmiş “Azərbaycan işıqları” qəzetinin yaradıcı kollektivinə uğurlar arzulamışdır.