İQTİSADİYYAT
“Azəriqaz” İB-yə daxil olan müraciətlərin sayı açıqlanıb
Bakı, 17 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinə ötən ay 1399 müraciət ünvanlanıb. Müraciətlərdə ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyində keçirilən “Açıq qapı” aksiyasında media nümayəndələri ilə görüşdə bildirilib.
Qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək İB-yə daxil olan müraciətlərin statistikasını paylaşıblar.
Xalidə Şimşək isə Qəza Çağrı Xidmətinə fevral ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi bu rəqəmin 66515 olduğunu bildirib. Ünvanlanan müraciətlərin bəzi hallarda təkrarlandığını qeyd edən X.Şimşək qazlaşdırma işləri ilə əlaqədar 739 müraciətin qeydə alındığını vurğulayıb. Bunlardan 9-u özlərini podratçı kimi təqdim edən işbazların qurbanına çevrilən vətəndaşlara məxsusdur. Bu baxımdan şöbə rəisi işbazlardan uzaq olmaq üçün Birliyin azeriqaz.az rəsmi internet səhifəsinə daxil olaraq orada qeyd olunan lisenziyalı podratçı şirkətlərdən biri ilə müqavilə əsasında qazlaşdırma işlərini görməyi tövsiyə edib.
İbrahim Kərbalayev 2023-cü ildə qaz infrastrukturunda qarşıya qoyulan hədəflərdən danışaraq qeyd edib ki, bu il 150-yə yaxın yaşayış məntəqəsində qazlaşma və yenidənqurma işlərinin görülməsi planlaşdırılır.