“AZƏRİQAZ” SƏRT TƏDBİRLƏRƏ ƏL ATIR
Səhmdar cəmiyyətinin sədr müavini Nazim Səmədzadə, iqtisadiyyat və proqnozlaşdırma idarəsinin rəisi Tofiq Allahverdiyev bildirdilər ki, bu ilin yanvarında 642,9 milyon kubmetr, fevralda isə 554,5 milyon kubmetr təbii qaz satılmışdır. Abonentlər işlətdikləri qazın dəyərinin yanvarda 18,6 faizini, fevralda isə 29,9 faizini ödəmişlər. Əhaliyə yanvarda 453,7 milyon kubmetr, fevralda 373,5 milyon kubmetr təbii qaz verilmiş, onun dəyəri müvafiq olaraq 21416,8 min AZN və 17630,6 min AZN təşkil etmiş, yanvarda 3447,4 min AZN, fevralda 3718,2 min AZN yığılmış, ödəniş səviyyəsi müvafiq olaraq 16,1 faiz və 21,1 faiz olmuşdur.
Ötən il satılan qazın cəmi 48,9 faizinin haqqı yığılmışdı ki, cari ilin ilk ayları ilə müqayisədə bu, xeyli yüksək göstərici olmuşdu. Qeyd edildi ki, payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarına 1 milyard 24 milyon kubmetr qaz vurulmuş, bu da 1991-ci ildən bəri ən yüksək göstərici olmuşdur. Əhalinin, istehsal müəssisələrinin qış mövsümündə mavi yanacağa olan tələbatı etibarlı surətdə ödənilmişdir. Hazırda anbarlarda 275 milyon kubmetr istifadə olunmamış qaz qalır. Aprelin sonundan başlayaraq anbarlara ehtiyat qaz vurulmasına başlanacaqdır. Bu il də anbarlara 1 milyard 30 milyon kubmetr qaz vurulması nəzərdə tutulur.
Qeyd olundu ki, respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il cəmi 500 min qaz sayğacının quraşdırılması nəzərdə tutulur. Ötən il respublika üzrə 35 min, indiyədək isə cəmi 342 min 724 sayğac quraşdırılmışdır ki, bu da abonentlərin 36 faizini təşkil edir. Təəssüflə vurğulandı ki, sayğaclara müdaxilə edilməsi ilə əlaqədar 114 fakt aşkar edilmiş, belə abonentlər haqqında akt tərtib edilərək məhkəmələrə göndərilmiş, həm səhmdar cəmiyyətinə, həm də dövlətə vurulmuş zərərin ödənilməsi barədə iddialar qaldırılmışdır. Alınan sayğaclar yenə də Almaniya texnologiyası ilə Çin Xalq Respublikasında istehsal olunur, Bakıdakı “Sənaye-Cihaz” Elm-İstehsalat Birliyində komplektləşdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralda təsdiq etdiyi Dövlət Proqramına müvafiq olaraq, respublika paytaxtının, ətraf qəsəbə və kəndlərin qazla təminatını yaxşılaşdırmaq üçün yeni kəmərlər, qazpaylayıcı şəbəkələr inşa edilməsi, əsaslı təmir-bərpa işləri görülməsi, bir sıra yaşayış massivlərinin mavi yanacaqla təchizatının yaxşılaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlandığını, konkret işlərə başlandığını qeyd edən “Azəriqaz”ın rəsmiləri, bu məqsədlə dövlət büdcəsindən 20 milyon, səhmdar cəmiyyətinin hesabından 8 milyon AZN vəsait ayrılacağını bildirdilər. Dövlətimizin başçısının tapşırığına əsasən, bu il Lerik və Yardımlıya, gələn il isə Beyləqan və Ağcabədiyə təbii qaz veriləcəyi, bununla bağlı bütün texniki-iqtisadi əsaslandırma, layihələndirmə işlərinin başa çatdırıldığı vurğulanmışdır.
Astara Qaz Kompressor Stansiyasının istismara verilməsi, Azərbaycan təbii qazının 53 atmosfer təzyiqlə İrana ötürülməsi, əvəzində isə qonşu ölkədən Naxçıvana qaz nəqlinin bərpa edilməsi ötən ilin əlamətdar hadisəsi kimi dəyərləndirildi, artıq Naxçıvan şəhərində 12 min abonentin mənzilində mavi yanacaqdan istifadə edildiyini, görülən bu işlərə 83,4 milyard manatı dövlət büdcəsindən, qalan hissəsi “Azəriqaz”ın olmaqla, cəmi 267 milyard manat vəsait sərf edildiyi diqqətə çatdırıldı. Hazırda muxtar respublikanın qaz təminatı ilə əlaqədar proqramın 2-ci mərhələsinə başlanmışdır.
Qaz pulu ödənişindəki problemlərin “Azəriqaz”ın fəaliyyətində ciddi problemlər yaratdığını bildirən natiqlər, bununla bağlı sərt tədbirlərə əl atdıqlarını söylədilər. Martın 1-dən respublikanın 40 rayonunda, aprelin 1-dən isə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qaz haqqı yığılmasının yalnız banklar və poçt şöbələri tərəfindən həyata keçiriləcəyini bildirən cəmiyyət rəsmiləri, artıq 80 qəsəbə və kəndə qaz verilməsinin tamam dayandırıldığını dedilər. Belə sərt tədbirdən sonra 32 qəsəbə və kənddə qaz pulu yığımı dərhal 50 faizdən yuxarı qalxmış, onlara qaz verilməsi bərpa edilmişdir.
Səhmdar cəmiyyətinin nümayəndələri sonda jurnalistləri maraqlandıran sualları cavablandırdılar.