“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur
Bakı, 25 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, rayon ərazisində 0,4 və 35 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0,4 kilovoltluq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.
Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0,4 və 35 kilovoltluq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.
“Azərişıq” ASC Ağdərə ilə yanaşı, ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.