İQTİSADİYYAT
“Azərsığorta” şirkəti media nümayəndələri ilə görüş keçirib
Bakı, 22 iyul, AZƏRTAC
Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Milli Mətbuatın yaranmasının 147-ci ili - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün korporativ görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərsığorta” şirkətinin nümayəndələri ilə yanaşı ölkənin tanınmış xəbər portalları və KİV nümayəndələrinin rəhbərləri iştirak edib.
Görüş zamanı media nümayəndələrinə “Azərsığorta” şirkətinin fəaliyyəti ilə bağlı görülən işlər və yeniliklər barədə məlumatlar verilib, həmçinin Şirkətin media ilə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
Tədbirin sonunda “Azərsığorta” şirkəti tərəfindən media nümayəndələrinə hədiyyələr təqdim olunub.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1921-ci il oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.