“Azersky” peykinin istifadəsinə həsr olunmuş seminar keçirilib
Bakı, 27 may, AZƏRTAC
“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın “Airbus Defense & Space” şirkəti ilə birgə seminar keçirilib. Tədbir yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr edilib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azersky” peykinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar edilib. İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirakı edib. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirlərini vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.
Bu il uğurla orbitə çıxarılmış yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-nin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.