“Azərsu” ASC “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində uğurla təmsil olunur
Bakı, 21 noyabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) noyabrın 20-də Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2013) sərgisində uğurla təmsil olunur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən qurum sərgidə növbəti dəfə xüsusi pavilyonla iştirak edir. Pavilyonda yeni su mənbələri, ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr və dövlət proqramları, həyata keçirilən ekoloji tədbirlərlə bağlı stendlər və maketlər yerləşdirilmişdir. Təqdim olunan sərgi materiallarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar əksini tapmışdır.
Pavilyonla maraqlananların diqqətinə çatdırılmışdır ki, hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində tikilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu miqyasına və məhsuldarlığına görə regionda ən böyük ultrasüzgəcli qurğu olacaqdır. Məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) layihələndirilən qurğu suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları saxlamaqla suyun təbii mineral tərkibini dəyişmədən onun daha yaxşı təmizlənməsini təmin edəcəkdir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir.
Cari ilin sentyabrında istifadəyə verilmiş “Azərsu” ASC-nin mərkəzi laboratoriyasında içməli su və tullantı sularının dəqiq analizlərinin aparılması üçün beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmışdır. Laboratoriyada suların 138 parametri, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir.
İçməli suyun mənbədən götürülüb istehlakçılara çatdırılmasınadək, eləcə də çirkab suların idarəolunmasının bütün mərhələlərində ekoloji tələblər ciddi şəkildə gözlənilir.
Qeyd edək ki, “CTE-2013” sərgisi “İteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir.