MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov beynəlxalq fotomüsabiqələrin qızıl medallarına layiq görülüb
Bakı, 3 fevral, AZƏRTAC
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) Şri-Lankada keçirdiyi “LAKDIVA Photo Awards” fotomüsabiqəsində dünyanın 51 ölkəsindən 172 fotoqraf iştirak edib. AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun keçən ilin mart ayında Bakıda çəkdiyi “Worker” fotosu FİAP-ın qızıl medalı ilə mükafatlandırılıb.
FİAP-ın Hindistanda keçirdiyi “Photophilics International Salon” müsabiqəsində isə fotomüxbirin “Favorite doll” fotosu Hindistan Fotoqrafiya Federasiyasının (FİP) qızıl medalına layiq görülüb.
2023-cü ilin yekununda qazandığı uğurlara görə İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fəxri “EFIAP Platinum” adına layiq görülüb. Bu ada layiq görülən fotoqrafların 250 fotosu dünyanın müxtəlif ölkələrində azı 700 dəfə sərgilənməli və konkret miqdarda fotoları qələbə qazanmalıdır.
Qeyd etmək lazımdır ki, FİAP-ın fəaliyyət göstərdiyi tarixdən (1950-ci il) bu günə kimi postsovet məkanında bu fəxri ada yalnız bir fotoqraf, Qazaxıstanın “Medeo” fotoklubunun prezidenti Valeri Korençuk layiq görülüb.