AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
Bakı, 20 noyabr, AZƏRTAC
Serbiyada keçirilən “ACRUVIUM CIRCUIT 2018” beynəlxalq müsabiqəsində AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) və PSA-nın himayəsi ilə keçirilən fotomüsabiqədə dünyanın 51 ölkəsindən 212 fotoqraf iştirak edib.
İlqar Cəfərovun 2016-cı ilin avqustunda Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çəkdiyi “Ağırlıqqaldıran qızın emosiyaları” fotoşəkli PSA-nın qızıl medalına layiq görülüb.
Elə həmin müsabiqədə müəllifin “Cüdoçular” adlı digər fotoşəkli “Salon Honorable Mention” fotosalonunun fəxri lentinə layiq görülüb. Bu fotoşəkil 2015-ci ilin iyununda, Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı çəkilib.
İ.Cəfərovun “Gələcəkdən xəbər verən” adlı daha bir fotoşəkli Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən Serbiyada keçirilən “BEAUTY 2018” beynəlxalq fotomüsabiqəsində “SALON praise” fotosalonunun mükafatını qazanıb.