ELM VƏ TƏHSİL
AzMİU-nun tələbələri “Ağıllı parkinq qoruyucusu” layihəsini təqdim ediblər
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Nuray Abdullazadə və Cavad Əliyev tərəfindən hazırlanmış “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, layihə şəhərlərdə artan nəqliyyat vasitələrinin yaratdığı parklanma yeri problemini ağıllı və təhlükəsiz üsulla həll etməyi hədəfləyir. Layihə sürücülərə real vaxt rejimində məlumat verərək parklanma yeri tapmaq prosesini asanlaşdırır.
Təqdimat mərasimində professor Məzahir İsayev çıxış edərək layihəni yüksək qiymətləndirib. Professor əlavə olaraq digər tələbələri də texnologiya sahəsində öz kreativ fikirlərini reallaşdırmağa, ölkənin gələcək inkişafına töhfə verən layihələrdə fəal iştirak etməyə çağırıb.
Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva isə çıxışında belə layihələrin tələbələrə təkcə nəzəri deyil, həm də praktik bacarıqlar qazandırdığını, şəhər problemlərinə bu cür həllərin tapılmasının sevindirici olduğunu söyləyib.
Qeyd olunub ki, bu təqdimat tələbələrin problemlərə ağıllı yanaşmasını və texnoloji həllər tapmaq bacarığını nümayiş etdirməklə yanaşı, universitetdə innovasiya və yaradıcılığı təşviq edən mühit yaratmağa yönəlib.