“AzScienceNet” və AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi Yüksək Texnologiyalar Parkı (YT Park) ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, YT Parkda yüksək səviyyəli internet xidmətlərinin təmin edilməsi və internetə qoşulma sürətinin artırılması üçün bir sıra işlər həyata keçirilib. “AzScienceNet” tərəfindən YT Parkda internetin sürətinin daha optimal paylanması təmin olunub, izafi internet istifadəsinin qarşısının alınması məqsədilə monitorinq sistemi quraşdırılıb. Həmçinin təhlükəsizliyin və istifadəyə yararlılığın təmin olunması üçün təhlükəsizlik portları sazlanıb, internetin sürəti 40 Mbit/s-yə, virtual şəbəkələrin sayı 2-yə çatdırılıb.
Qeyd edək ki, “AzScienceNet” dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Avropa İttifaqının müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatlarının əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına, eləcə də ölkəmizdə fəaliyyət göstərən elmi qurumların qabaqcıl texnologiyalar və xidmətlərdən istifadəsinə şərait yaradır.