Babək şəhərində yerləşən kafedə dönər xidməti məhdudlaşdırılıb
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək şəhərində fəaliyyət göstərən Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidməti məhdudlaşdırılıb.
Qeyd edilib ki, Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. Aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlərin görüləcəyi bildirilib.