«BAKI AĞIRLAŞDIRICILAR» AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq «Bakı Ağırlaşdırıcılar» Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurmuşdur.
Müsabiqəyə yekun vurularkən müəyyənləşdirilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, ağırlaşdırıcılar istehsalı sahəsində qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük verilmişdir.
Səhmdarlar qarşısında beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli ağırlaşdırıcı və digər sənaye məhsullarının istehsalına nail olmaq məqsədi ilə istehsal prosesinə müasir texnologiyanın tətbiqi, yeni iş yerlərinin açılması, işçilərin sosial təminatının yaxşılaşdırılması məsələlərinin həllini özündə əks etdirən investisiya proqramının təqdim olunması şərtləri qoyulmuşdu. Bunlarla yanaşı, investorlar istehsal olunan məhsulun keyfiyyətinin qaldırılması, məhsul çeşidinin artırılması, habelə yerli xammaldan istifadənin genişləndirilməsinə dair də təkliflər verməli idilər.
İnvestisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticəsinə uyğun olaraq, «Format Qrup» MMC «Bakı Ağırlaşdırıcılar» ASC-nin səhmlərinin satışı üzrə sərmayə müsabiqəsinin qalibi elan edilmişdir.
«Format Qrup» MMC-nin təqdim etdiyi İnvestisiya Proqramına və Komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən səhmdar cəmiyyətinə bir ildə 1 milyon 650 min manat məbləğində sərmayə yatırılacaqdır.
Müsabiqənin digər şərtlərinə müvafiq olaraq «Format Qrup» MMC 405 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini və 25,5 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürmüşdür.