Bakı Ali Neft Məktəbində təntənəli Zəfər Günü
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən təntənəli tədbir keçirilib.
Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, Milli Məclisin deputatları, ictimai xadimlər, ali məktəbin professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başlanan və 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan, xalqımızın birliyindən danışıb, qazandığımız Böyük Zəfərin əhəmiyyətini vurğulayıb.
Şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını deyən rektor tələbələrə ölkəmizi hər yerdə layiqincə təmsil etməyi, tariximizi unutmamağı və təbliğ etməyi tövsiyə edib: “Zəfəri bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bəxş edib. Bu günü 30 ilə yaxın müddətdə gözlədik, igid Azərbaycan oğullarının fədakarlığı sayəsində Böyük Zəfəri yaşadıq. Bizim müqəddəs yerimiz şəhidlərimizin məzarlarıdır.
Torpaqlarımızın işğaldan azad olunması bizə xoş ovqat, sevinc verdi. Bu Zəfər qəhrəmanlıq salnaməmizdir. Biz tələbələrimizə beynəlxalq səviyyəli təhsil verməklə yanaşı, onları vətənpərvərlik ruhunda yetişdiririk. Biz fəxr edirik ki, Vətən müharibəsində iştirak edən, qəhrəmanlıq göstərərək medalla təltif olunan tələbələrimiz, məzunlarımız var”-deyə rektor bildirib.
Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev ordu, dövlət, xalqın birliyindən danışaraq qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının gözlədiyi bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusu, Azərbaycan xalqı oldu. “Hər birimiz bu tarixi günləri yaşadığımız üçün xoşbəxt insanlarıq. Azərbaycan dövləti, xalqı daim sülh tərəfdarı olub. Ona görə də 30 ilə yaxın müddətdə torpaqlarımızı danışıqlar yolu ilə işğaldan azad etməyə çalışdıq. Amma bu müddətdə məkrli düşmənimiz dəfələrlə təxribatlar törətdilər. 2020-ci il 27 sentyabr tarixi dönüş tarixi oldu. Biz tarixi ədaləti bərpa etdik”, - deyə deputat bildirib.
A.Əliyev Bakı Ali Neft Məktəbində tələbələrin bilikli, savadlı, bacarıqlı olmaqla yanaşı, vətənpərvərlik ruhunda yetişdirildiyini təqdirəlayiq hal kimi qiymətləndirib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova gəncləri daim vətənpərvər olmağa çağırıb. “Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Gənclərimiz bu əmanəti göz bəbəyi kimi qorumalıdır”, - deyə S.Orucova vurğulayıb.
“Mən bir oğul itirdim, amma minlərlə oğul qazandım”, - deyən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filara İsmayılova oğlu haqqında xatirələrini bölüşüb.
Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov və BANM-in tələbəsi, Vətən müharibəsi iştirakçısı Rüfət Hüseynzadə döyüş yollarından danışıb, şəhid döyüş yoldaşlarının xatirələrini ehtiramla yad edib, onların adlarını hər zaman yaşadacaqlarını, həyat və döyüş yollarını təbliğ edəcəklərini bildiriblər.
Tədbirdə “Zəfər yolu” filmi nümayiş olunub.
Sonra “Vətənim Azərbaycandır” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nurun çıxışı olub və Dövlət Sərhəd Xidmətinin orkestrinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.