Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı abidəsini ziyarət etmiş, soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsini anmışlar.
BANM-da təşkil olunmuş mərasimdə çıxı ş edən ali təhsil ocağının rektoru Elmar Qasımov bildirmişdir ki, Xocalı soyqırımı erməni quldurları tərəfindən Azərbaycan xalqının başına gətirilən ilk faciə deyil. Rektor tarixə nəzər salaraq erməni daşnaklarının vaxtilə Bakı, Quba, Şamaxı və digər şəhərlərdə törətdikləri qətliamlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Xocalı faciəsinin insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən E.Qasımov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı işğal edilmiş, mühasirəyə alınan şəhər yandırılmışdır. Bir gecədə yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 613-ü qətliamın qurbanı olmuşdur. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 xocalılı əsir düşmüşdür.
Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu soyqırıma indiyədək layiq olduğu qiyməti verməmişdir. Lakin inanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirmişdir ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir sıra dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış və pisləmişlər.
B.Sadıqov qeyd etmişdir ki, bu gün dünyada top-tüfəng deyil, informasiya müharibəsi gedir və bu müharibənin vurduğu yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı vardır. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında fəal olmağa çağıraraq bildirmişdir ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” filmi nümayiş olunmuşdur.