İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 750 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4921 manata bərabər idi. Təklif 700 min dollar və tələb 750 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd aşağı düşmüş və 1 dollar üçün 4922 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4921,48 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 3 milyon 814 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 18,771 milyard qədərdir. Bir əqdə, orta hesabla, 317,833 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 168,53 manat məzənnəsi ilə, ümumən, 391 min rubl məbləğində əqd bağlanmışdır.
AVR/AZM aləti üzrə banklar BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,118 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 18-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.