BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4936 manat olmuşdur. Təklif 1 milyon 500 min dollar və tələb 1 milyon 633 min dollar olduğu halda manatın məzənnəsi 1 bənd düşərək, 1 dollar üçün 4937 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4936,56 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 4 milyon 162 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 20,546 milyarddır. Bir əqdə, orta hesabla, 832 400 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar. BEST-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,543 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Martın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.