BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 400 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4906 manat olmuşdur. Təklifin həcmi 400 min və tələbin həcmi 355 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4905 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4904,95 manat həddində idi.
BEST-də USDAZM T+0 aləti üzrə 7 milyon 776 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 38,141 milyarddır. Bir əqdə, orta hesabla, 706 min 909 dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 aləti üzrə 3 milyon dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 14,712 milyarddır. Dilerlər tələb olmadığından USD/AZM T+2 aləti üzrə əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,799 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.