BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə avqustun 15-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8132 AZN olmuşdur.
Birja hərraclarının elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8126 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 40 685 AZN olmuşdur. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0011 bənd düşərək 1 ABŞ dolları üçün 0,8137 AZN təşkil etmişdir.
BHES-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 17 975 435 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8132 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 22 150 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 18 016 120 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 2 215 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,14 faiz, ABŞ dolları üzrə isə 16,67 faiz təşkil etmişdir.
Avqustun 15-də banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.