BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə avqustun 19-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8141 AZN olmuşdur. Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8141 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə 962 433 AZN məbləğində əqd bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 799 613 AZN məbləğində əqd bağlanmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8141 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi
2 162 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 762 046 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 432 400 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,75 faiz, ABŞ dolları üzrə isə 16,89 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında avqustun 19-də əqd bağlanmamışdır.