BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 2 milyon 820 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuşdur. Təklif 2 milyon 820 min dollar və tələb 2 milyon 950 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd aşağı düşmüş və bir dollar üçün 4919 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4919,79 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 945 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 4 milyard 649 milyon qədərdir. Bir əqdə orta hesabla 118 min 125 dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 166,80 manat məzənnə ilə üst-üstə 1 milyon 400 min rubl məbləğində əqd bağlanmışdır.
AVR/AZM alətləri üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 118 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.