Bakı Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi yad olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımının dəhşətlərindən danışmışdır. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərini büsbütün talan etmişlər. Qanlı hadisə zamanı 613 azərbaycanlı vəhşicəsinə öldürülmüş, 1.200-dən çox insan əsir və girov götürülmüş, minlərlə insan yaralanmışdır.
Rektor 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini xatırlatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən akademik A. Məhərrəmov ölkəmizin dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. Rektor ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Sonra 15 xarici dildə “Xocalıya ədalət!” şüarı səsləndirilmişdir.
Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.