Bakı Dövlət Universitetinin rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında çıxış edib
Bakı, 27 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq Politexnik Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.
İclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov da iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iclasda assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi AUA-nın 2017-ci ilə aid hesabatını təqdim edib, müasir dövrdə universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb. O, həmçinin assosiasiyanın XIV qurultayına hazırlıq məsələləri barədə məlumat verib.
Tədbirdə çıxış edən Abel Məhərrəmov iclasın əlamətdar bir tarixdə - Rusiya Rektorlar İttifaqının XI qurultayı günündə keçirilməsini yüksək dəyərləndirib. O, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından danışıb, o cümlədən yubileyin UNESCO-nun dəstəyi ilə Parisdə qeyd olunacağı barədə məlumat verib. Rektor AUA-nın 2019-cu il qurultayına aid tədbirlər siyahısına BDU-nun 100 illiyinə həsr olunmuş tədbirin salınmasının müsəlman Şərqində ilk klassik universitetin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib. A.Məhərrəmov çıxışında birgə tədqiqat və təhsil proqramlarının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədilə AUA fondunun yaradılması, assosiasiyaya daxil olan universitetlərin tələbələri üçün “Avrasiya təqaüdü”nün təsis edilməsi, universitetlərin tədris-təcrübə mərkəzlərində yay məktəblərinin təşkili, BDU-nun Qazax filialının assosiasiyaya üzv qəbul edilməsi kimi konkret təkliflər irəli sürüb.
Qeyd edək ki, həmin gün Sankt-Peterburq Politexnik Universitetində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya Rektorlar İttifaqının XI qurultayı keçirilib. MDB ölkələrinin universitet rəhbərlərinin, eləcə də tanınmış alimlərin, ictimai-siyasi xadimlərin qatıldığı qurultayda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib.