“BAKI GƏLƏCƏYƏ DOĞRU”
AZƏRTAC xəbər verir ki, “Vaşinqton tayms” və “Los-Anceles tayms”
qəzetlərinin 18 avqust tarixli nömrələrində Azərbaycan Diplomatik Akademiyasının bu yaxınlarda Bakıda keçirdiyi “Azərbaycanlılar və amerikalılar: bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfransda iştirak etmiş jurnalistlər Endru Breytbart və Qreqori Rodrigesin məqalələri dərc olunmuşdur.
E.Breytbart “Bakı gələcəyə doğru” sərlövhəli məqaləsində yazır ki, səfərdən əvvəl mən neftlə zəngin olan, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan haqqında az da olsa məlumat toplamışdım.
Biz Azərbaycana gəlməmişdən bir neçə gün əvvəl Rusiya və Gürcüstan arasında gərginliklər başlamışdı.
Bakıda olduğum yeddi gün ərzində Azərbaycanın televiziya kanalları ölkənin ən böyük problemi haqqında mənə suallar verirdilər. İlk gündə də mənə Dağlıq Qarabağ münaqişəsi haqqında sual verərkən “bu haqda heç nə bilmirəm” deyə cavab verdim.
Bir gecə müstəqil hərbi jurnalist Maykl Totten ilə televiziya proqramında aparılan müzakirlərdə bərabər iştirak edirdik. Mövzu yenə də Dağlıq Qarabağ idi.
Məqalədə deyilir ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır. Bu ölkə İraq əməliyyatı zamanı ABŞ-a öz hava məkanından istifadə etməyə icazə verib, İraqdakı koalisiya qüvvələri tərkibində Azərbaycanın 150 əsgəri xidmət edir. ABŞ bunu qiymətləndirməlidir.
Paytaxt Bakının 2 milyondan artıq əhalisi Amerikadakına bənzər yaşayış tərzinə malikdir. Xarici ölkələrdən gələnlər və yerli insanlar kafelərdə saatlarla otururlar, küçələr isə “Mercedes”lər, “Range Rover”lər, Rusiya “Lada”ları ilə doludur. Hicablarla müqayisədə cinslərə daha çox üstünlük verilir. Bibiheybət məscidinin imamı söhbət zamanı dedi ki, onun müxtəlif dinlərdən olan insanlar arasında nigaha münasibəti təbiidir.
Hər gün bizə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar verirdilər. Bir həftə ərzində demək olar ki, bu məsələdən uzaqlaşmaq mümkün olmadı. Bakıda qaçqın-köçkünlərlə görüşərkən Fələstin-İsrail münaqişəsi yadıma düşdü və mən Dağlıq Qarabağ münaqişəsi haqqında daha çox düşünməyə başladım. Hər dəfə mənə informasiya verildikcə, bu barədə daha az məlumatlı olduğumu hiss edirdim.
Qreqori Rodriges “Los-Anceles tayms” qəzetindəki məqaləsində Gürcüstanda baş verən hadisələri bəlkə də hamıdan çox diqqətlə izləyən, enerji daşıyıcıları ilə zəngin olan Azərbaycanın neftinin həmin ölkədən keçən boru kəməri ilə nəql edildiyini xatırladır. Müəllif yazır ki, ənənəvi dini dözümlülüyü ilə tanınan Azərbaycanın İsraillə dostluq münasibətləri var, terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir. Qərbə nə qədər meyilli olsa da, Azərbaycan rəhbərliyi müdrikliklə tarazlı siyasət aparır.
Endru Breytbartdan fərli olaraq, Dağlıq Qarabağ problemi barədə məlumatlı olan Q.Rodriges bildirir ki, Azərbaycanın onun ərazisinin beşdəbirini işğal etmiş Ermənistanla ağır münaqişəsi var. Hazırda atəşkəs rejimi qüvvədədir, lakin bu, müharibənin qurtardığı demək deyildir.
Müəllif daha sonra ölkəmizin geosiyasi mövqeyi ilə bağlı mülahizələrini söyləyir, Azərbaycanın praqmatik dövlət olduğunu xüsusi vurğulayır.
######
