İQTİSADİYYAT
Bakı Metropoliteni Yeni il münasibətilə proqram hazırlayıb
![Bakı Metropoliteni Yeni il münasibətilə proqram hazırlayıb](/files/2018/3/1200x630/15458143203967148078_1200x630.jpg)
Bakı, 26 dekabr, AZƏRTAC
Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sərnişinlərə xüsusi layihələr təqdim edəcək. 2018-ci ilin son günlərində metronun stansiyalarında da bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) metro stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, Bakı Metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Sərnişinlərin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmırlar.
Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçikyaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaq.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.