Bakı Musiqi Akademiyasında “LOLA” audiovizual sistemin sınaqları keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) quraşdırılmış uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən “LOLA” (LOw LAtency - aşağı gecikməli) audiovizual yayım sistemi sınaq rejimində nümayiş olunub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan “LOLA” sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirilib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Azərbaycan musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqisi nümunələrinin dünyada təbliği və dünyəvi dəyərlərin paylaşılması baxımından böyük imkanlara malik olan bu audiovizual sistemin BMA-da tətbiqinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Hazırda dünya üzrə 100-dən çox təşkilatın “LOLA” texnologiyasından istifadə etdiyini diqqətə çatdıran R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış texnologiya vasitəsilə bu institutlarla əlaqə yaratmaqla birgə musiqi dərsləri, mühazirələr və konsertlər həyata keçirə biləcəyini bildirib.
Diqqətə çatdırılıb ki, “LOLA” layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bildirilib ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, ustad dərsləri, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir.
Qeyd edək ki, bu yaxınlarda BMA-da sınaqları aparılan sistemin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.