Bakı rayonlarının məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər VİDEO
Bakı, 15 mart, Xanım Nağıyeva, AZƏRTAC
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində martın 15-də Bakının Binəqədi, Səbail, Xətai, Qaradağ, Yasamal və Nəsimi rayonlarının məktəblərindən olan 180 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AZƏRTAC xəbər verir ki, şagirdlər martın 18-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, həmçinin müasir siması ilə tanış olacaqlar.
Layihənin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu tur-aksiyanın, ilk növbədə, Vətənimizin dilbər guşələrinin şagirdlərə tanıdılması baxımından çox önəmli olduğunu deyib: “Səfər çərçivəsində gənclərimiz Muxtar Respublika ilə bağlı kitablarda tanış olduqları, mətbuatda oxuduqları sosial-iqtisadi inkişafı öz gözləri ilə görəcəklər. Novruz bayramı ərəfəsində Naxçıvana təşkil olunan bu səfər şagirdlərdə yüksək əhvali-ruhiyyə yaradır və onlar qayıtdıqdan sonra öz məktəbli dostları ilə xatirələrini paylaşacaqlar”.
20 nömrəli məktəb-liseyin direktor müavini Rövşən Şirinov qeyd edib ki, tur-aksiya şagirdlərin asudə vaxtlarını daha səmərəli keçirmələrinə kömək edəcək, onların dünyagörüşünün formalaşmasına çox müsbət təsir göstərəcək.
Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdi Nigar Rzayeva sevincini belə ifadə edib: “Çox sevinirəm ki, Naxçıvanı gəzməyə gedirik. Muxtar Respublikanın qədim tarixi və abidələri haqqında kitablarda oxumuşam. Tur-aksiya çərçivəsində isə bu qədim diyarı öz gözlərimlə görə biləcəyəm. Biz şagirdlər üçün belə imkan yaratdığı üçün ölkəmizin başçısına təşəkkür edirəm”.
Qaradağ rayonu 233 nömrəli məktəbin şagirdi Bəhruz Yahyayev də bu layihədə iştirakından sevinclə danışıb: "Naxçıvan Azərbaycanın qədim diyarıdır, bizim ürəyimizdir. Oranı görmək üçün səbirsizlənirəm. Çox sağ olsunlar ki, bizə gedib gəzə bilmədiyimiz yerləri görmək imkan yaradırlar. Azərbaycanın tarixi, mədəniyyəti ilə daha yaxından tanış oluruq. Bu, təhsilə göstərilən böyük qayğıdır. Biz bu səfər vasitəsilə biliklərimizi daha da artırmaq şansı qazanmışıq".
Daha sonra mərasim bədii hissə ilə davam edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Bahar qızı, Kosa, Keçəl və rəqqas qrupları onlarda xoş əhvali-ruhiyyə yaradıblar.
Sonra iştirakçılar Naxçıvana yola düşüblər.