Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş olub
Bakı, 6 noyabr, AZƏRTAC
Zəfər bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. O qeyd edib ki, ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.
Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.
Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirılməsi ilə bağlı müraciətlər nəzarətə alındı.
Çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.