Bakıda “4.4” Qısa Tamaşalar Festivalının açılışı olub
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə “4.4” Qısa Tamaşalar Festivalının (QTF) açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri və bu qələbənin təməlinin qoyulduğu Aprel döyüşlərini simvolizə edir. Bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən festival müharibə mövzusuna həsr olunub.
Açılışdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış teatrşünas Elçin Cəfərov çıxış edərək festival haqqında məlumat verib.
Qeyd edib ki, teatr ictimaiyyətinin geniş marağına səbəb olan festivalın proqramına Bakı ilə yanaşı, ölkəmizin 8 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşa daxil edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə müzakirələr təşkil olunacaq. Bildirib ki, jürinin tərkibinə İsrafil İsrafilov, Aydın Talıbzadə, Mehriban Ələkbərzadə, Əli Əmirli və Pərviz Məmmədrzayev daxildir.
Vurğulanıb ki, festival çərçivəsində həmçinin, tanınmış teatr mütəxəssislərinin iştirakı ilə “Bədən dili” və “Pyes necə yazmalıdır?” mövzularında vörkşop, "Müharibə və teatr" mövzusunda panel-müzakirə keçiriləcək.
Mədəniyyət Nazirliyinin rəsmisi Fərəh Acalova çıxış edərək deyib: “Çox şadam ki, uzun müddətdən sonra teatrda görüşmək imkanı əldə etmişik. Biz Mədəniyyət Nazirliyi olaraq teatrlarımızın normal fəaliyyət göstərməsi üçün səylər göstəririk. Bu festival ölkəmizin Vətən müharibəsində qazandığı zəfərə ithaf edilən ilk festivaldır. Belə festivalların təşkil olunmasını mədəniyyətimizdə canlanmaya səbəb olacaq fəaliyyət kimi dəyərləndirmək olar. Bu festival uğurlu təşəbbüsdür. İnanıram ki, proqramı zəngin olan festival maraqlı olacaq”.
Sonra festival müəllif və rejissor Zaur Əliyevin “44” tamaşasının nümayişi ilə açıq elan edilib.
Qeyd edək ki, noyabrın 5-dək davam edəcək “4.4” Qısa Tamaşalar Festivalında münsiflər heyətinin qərarı ilə ilk 3 yerə layiq görülmüş tamaşalara müvafiq olaraq, 1500, 1000, 750 manat həcmində pul mükafatları və diplomlar, birinci yerin qalibinə “Dəfnə” mükafatı təqdim ediləcək.