BAKIDA “AZƏRBAYCANIN AVRATLANTİKA MƏKANINA İNTEQRASİYASI VƏ DEMOKRATİK SEÇKİLƏR” MÖVZUSUNDA İKİGÜNLÜK BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də “Park İNN-Azərbaycan” mehmanxanasında “Azərbaycanın Avratlantika məkanına inteqrasiyası və demokratik seçkilər” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Avrasiya Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü, NATO İctimai Diplomatiya Bölməsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən konfransda 100-dən çox beynəlxalq ekspert və hüquqşünas, o cümlədən xarici dövlətlərin ölkəmizdəki səfirləri, dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Faiq Qurbanov tədbiri açaraq bildirmişdir ki, konfransdan məqsəd ölkəmizin Avratlantika məkanına inteqrasiyası prosesində demokratik seçkilərin rolunu öyrənmək, NATO ilə Azərbaycan arasında münasibətlərin inkişaf yollarını müzakirə etməkdir.
Azərbaycan ilə NATO arasında münasibətlərin inkişaf etdiyini bildirən Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç Azərbaycanın 1994-cü ildən böyük enerji siyasətinə başladığını qeyd etmiş, NATO ilə əməkdaşlığın Azərbaycanın Avratlantika məkanına inteqrasiyasının vacib hissəsi olduğunu qeyd etmişdir.
H.Kılıç bildirmişdir ki, Türkiyə Azərbaycanın Avratlantika məkanına inteqrasiyasını dəstəkləyir. Biz inanırıq ki, qarşıdan gələn prezident seçkiləri də demokratik standartlara cavab verəcəkdir. Bu seçkilər Cənubi Qafqazda demokratiyanın inkişafına və beynəlxalq ictimaiyyətin Azərbaycana inamının artmasına kömək edəcəkdir.
Dağlıq Qarabağ probleminə toxunan səfir vurğulamışdır ki, dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir.
Ölkəmizin NATO yanında nümayəndəliyinin başçısı Kamil Xasıyev Azərbaycan və Şimali Atlantika Alyansı arasındakı münasibətlərin tarixindən danışmışdır. NATO ilə imzalanan Planlaşdırma və Analiz Proqramı (PARP) çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən danışan K.Xasıyev vurğulamışdır ki, bunlara terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, Daxili Qoşunlarda islahatlar və s. daxildir. Bu, sırf hərbi-texniki əməkdaşlıq proqramıdır.
K.Xasıyev bildirmişdir ki, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) birinci mərhələsi çərçivəsində Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların imkanları genişləndirilmiş, şəxsi heyətin idarə edilməsi optimallaşdırılmış, hərbi doktrinanın layihəsi üzrə iş yekunlaşmaqdadır.
Azərbaycan və NATO arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoqun aparıldığını deyən ölkəmizin NATO yanında nümayəndəliyinin başçısı bildirmişdir ki, Azərbaycan qoşulduğu proqramlar çərçivəsində götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və bu, NATO rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir.
Şimali Atlantika Alyansı baş katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisi Jan Fransua Buro NATO ilə əməkdaşlığın Azərbaycanın Avratlantika məkanına inteqrasiyasının bir hissəsi olduğunu vurğulamışdır. Bu əməkdaşlıqdan razı qaldığını bildirən qonaq demişdir ki, FTƏP-in birinci mərhələsində Azərbaycan uğurlar əldə etmişdir. Planın ikinci mərhələsi həyata keçiriləcəkdir. Ümidvarıq ki, Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri olacaqdır. NATO Azərbaycan ilə əməkdaşlığın davamını dəstəkləyir.
Jan Fransua Buro ölkəmizdə qarşıdan gələn prezident seçkilərinin çox vacib hadisə olduğunu vurğulayaraq bildirmişdir ki, bu seçkilər həm Azərbaycanda, həm də digər ölkələrdə demokratik proseslərin inkişafı üçün yaxşı imkan yaradacaqdır. NATO-ya üzv olan ölkələr Azərbaycanın demokratikləşmə yolunda əldə etdiyi uğurlardan xəbərdardır.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders bildirmişdir ki, sosialist idarəetmə sistemindən xilas olan Azərbaycan BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olmaqla beynəlxalq hüququn subyektinə çevrilmişdir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Avratlantika strukturlarına inteqrasiya istiqaməti götürmüşdür.
Bu il həm ABŞ-da, həm Azərbaycanda seçki ili olduğunu xatırladan A.Ders demişdir ki, Azərbaycanın Avratlantika məkanına inteqrasiyası demokratiya, fərdi azadlıq, qanunun aliliyi kimi əsas dəyərlərin gücləndirilməsi üçün bir imkandır.
İyunun 25-də işini davam etdirəcək konfransda Avratlantika məkanına inteqrasiyada demokratik seçkilərin rolu, Azərbaycan-NATO əməkdaşlığı və FTƏP-dən irəli gələn vəzifələr, Qafqazın Avratlantika qurumlarına inteqrasiya prosesində Türkiyənin rolu, müdafiə və təhlükəsizlik sahəsində əlaqələr və s. məsələlər müzakirə olunacaqdır.
######
