Bakıda Böyük Britaniya Kraliçası II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil edilib
Bakı, 10 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 10-da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib. Himnləri əməkdar artist Fidan Hacıyeva canlı olaraq ifa edib.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, xüsusilə enerji, biznes, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədədir.
Səfir vurğulayıb ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları idman tarixinə düşəcək irimiqyaslı tədbirdir. O, “Bakı-2015”in yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Tədbirdə iştirak edən britaniyalı idmançıları salamlayan səfir onlara və “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparacaq bütün atletlərə uğurlar arzulayıb.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan-Britaniya münasibətləri dərin köklərə malikdir, bu əlaqələrin tarixi XIX-XX əsrlərdən başlayır. Britaniya şirkətləri o zamandan Azərbaycan neftini dünya bazarlarına çıxarıblar. Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Neft-qaz sahəsi əlaqələrdə xüsusi əhəmiyyət kəsb edir. Elm, təhsil və digər sahələrdə də əlaqələrin genişləndirilməsi önəmlidir.
“Bakı-2015”də iştirak edəcək Britaniya komandasının rəhbəri Mark Enqlənd deyib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar bu qitənin ölkəyə verdiyi dəyərin göstəricisidir.
Boks üzrə “London-2012” Olimpiya Oyunlarının qızıl medalçısı, dünya çempionatlarının üçqat gümüş medalçısı Nikola Adams “Bakı-2015” Avropa Oyunlarında iştirakından məmnunluğunu ifadə edib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) britaniyalı əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.