Bakıda “CCM Sahhat” müştərək Azərbaycan-Rusiya müəssisəsinin ofisinin açılışı olub
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Bakıda tibbi xidmətlər sahəsində müştərək Azərbaycan-Rusiya müəssisəsinin - “CCM Sahhat” şirkətinin açılışı olub. Şirkətin təsisçiləri “Sentr korporotivnoy meditsinı” şirkətlər qrupu (Tomsk) və “Sahhat Clinic”dir (Bakı).
AZƏRTAC xəbər verir ki, açılış mərasimində “Səhhət” MMC müştərək Azərbaycan-Almaniya müəssisəsinin direktoru Malik Kərimov, “Sentr korporotivnoy meditsinı” şirkətlər qrupunun baş direktoru Sergey Antipov və “CCM Sahhat” şirkətinin baş direktoru Tatyana Pavlenko iştirak ediblər.
M.Kərimov və S.Antipov müəssisənin yaradılması tarixindən danışaraq bildiriblər ki, şirkətin başlıca məqsədi istehsalatda əmək şəraitinin yaxşılaşdırılmasına, habelə ümumi və peşə xəstəliklərinin azaldılmasına yönəldilən tədbirlərin ardıcıl surətdə keçirilməsinin vahid kompleksini təqdim etməkdir. “CCM Sahhat” müəssisələrdə peşə risklərinin azaldılmasına kömək edən təhlükəsiz əməyin və tibbi müşayiətin təşkili üzrə silsilə işlərdə ixtisaslaşır. Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası ilə bərabər, istehsalat nəzarəti, ilkin yardım göstərilməsinin və müalicənin xarici ölkədə öyrədilməsi də şirkətin fəaliyyətinin əsas istiqamətlərindəndir.
T.Pavlenko layihənin təqdimatını keçirərək bildirib ki, “CCM Sahhat”ın geniş xidmətlər spektri lisenziyalaşdırılıb və peşəkar mütəxəssislər tərəfindən müasir texniki təchizat vasitəsilə təmin olunub.