Bakıda dünya yol qəzaları qurbanlarının xatirə günü qeyd edilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində dünya yol qəzaları qurbanlarının xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, “Digesta” hüquq firması və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə dünyada, o cümlədən Azərbaycanda yol qəzalarında həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra respublika ərazisində insanların ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin videogörüntüləri nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov və başqaları bildirmişlər ki, yol hərəkətinin təhlükəsizliyi ictimai təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Ona görə də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Bunun üçün hər bir insan ilk növbədə yol hərəkətinin iştirakçısı kimi öz vəzifələrinə riayət etməli, heç bir halda hərəkət qaydalarını pozmamalıdır.
Məlumat verilmişdir ki, dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü BMT Baş Məclisinin 2005-ci il 26 oktyabr tarixli qətnaməsi ilə təsis edilmişdir və hər il noyabrın üçüncü bazar günü qeyd olunur. Bundan məqsəd yol-nəqliyyat hadisələri qurbanlarının ailə üzvlərinə və yaxınlarına təsəlli vermək, eləcə də dünya ictimaiyyətinin diqqətini insanların həyatını təhdid edən bu bəlaya yönəltməkdir.
Bildirilmişdir ki, Dünya Səhiyyə Təşkilatının hələ 2010-cu ildə yaydığı məruzədə dünya üzrə yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayının təxminən 1,3 milyon nəfərə, yaralananların sayının isə 20-50 milyon nəfər çatdığı qeyd edilmişdir. Həmin məruzədə bildirilir ki, əgər bu tendensiyanın qarşısını almaq üçün real tədbirlər görülməsə, 2015-ci ildə yol qəzaları qurbanlarının sayı 2 milyonu keçəcəkdir.
Diqqətə çatdırılmışdır ki, ölkəmizdə də son illər yol-nəqliyyat hadisələri qurbanlarının sayı artmaqdadır. Ötən il respublika ərazisində yol-nəqliyyat qəzaları nəticəsində 1168 nəfər ölmüşdür ki, bu da 2011-ci ildə olduğundan 142 nəfər artıqdır.
Milli Məclisin deputatı Jalə Əliyeva ölkəmizdə yol qəzaları qurbanlarının sayının artmasından narahatlığını bildirmiş və demişdir ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün maarifləndirmə və profilaktik işlərə diqqət artırılmalıdır.