Bakıda “Ən yaxşı sosial videoçarx” müsabiqəsinin qalibləri elan edilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da “28 Mall” ticarət-əyləncə mərkəzində “Ən yaxşı sosial videoçarx” müsabiqəsinin qalibləri hesab edilmiş qısametrajlı videoçarxların təqdimatı və müsabiqə qaliblərinin təltif olunması mərasimi keçirilmişdir. Ölkə gəncləri arasında bu il iyulun 15-dən oktyabrın 1-dək keçirilmiş müsabiqə Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil edilmişdir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbirdə “Yeni Azərbaycan” partiyasının gənclər birliyinin sədri Seymur Orucov öz çıxışında demişdir ki, müsabiqənin məqsədi gənclərin yaradıcı potensialından istifadə etməklə cəmiyyətin diqqətini bu gənclərin sosial problemlərinə cəlb etməkdir. Müsabiqədə 14-29 yaşlı gənclər və gənclərin təşəbbüs qruplarının nümayəndələri iştirak etmişlər. Onlar müsabiqəyə “Yol hərəkətinin təhlükəsizliyi və mədəniyyəti”, “Vətənpərvərlik”, “Ekologiya və ətraf mühitin qorunması”, “Gənclik və təhsilin təbliği”, “Milli adət və ənənələr”, “Müasir ailə dəyərləri” mövzularına həsr edilmiş, hər birinin müddəti üç dəqiqəyə qədər olan 55 ağ-qara və rəngli videoçarx təqdim etmişlər.
Sonra çıxış etmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev Fond tərəfindən dövlətçiliyimizin inkişafına yönəldilmiş hər cür tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirmişdir.
Milli Məclisin deputatı Ceyhun Osmanlı Gənclər Fondunun belə layihələrə dəstəyini yüksək qiymətləndirmişdir. O demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Gənclər Fondu göstərir ki, ölkəmizdə gənclər həmişə diqqət mərkəzindədir və qayğı ilə əhatə olunmuşlar”.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev öz nitqində bildirmişdir ki, indiyədək Fond qrant şəklində elm, təhsil, mədəniyyət sahəsində və gənclər siyasəti ilə əlaqədar olan digər sosial sahələrdə 600-dən çox layihəni maliyyələşdirmişdir.
Sonra qalib videoçarxların təqdimatı və müsabiqə qaliblərini təltifetmə mərasimi olmuşdur. Çıxış edənlər ən yaxşı sosial videoçarxa görə fərmanlar, qaliblərə pul mükafatları təqdim etmişlər. Birinci yeri “Xəzərin sahilində” mövzusunda çəkilmiş videoçarx tutmuşdur. Müəllif 2000 manatla mükafatlandırılmışdır. İkinci yeri “Ailə olsaydı” (1500 manat), üçüncü yeri isə “Yaxında olanlar” (1000 manat) videoçarxları tutmuşdur.
Tədbirdən sonra fərqlənmiş qısametrajlı sosail videoçarxlar nümayiş etdirilmişdir.