Bakıda İƏT-in bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun iclası davam edir
Bakı, 21 noyabr (AZƏRTAC). İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bərpa olunan enerji mənbələri (BOEM) üzrə ekspertlər qrupunun Bakıda keçirilən ikinci iclası noyabrın 21-də işini davam etdirmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda nümayəndə heyətləri tərəfindən ekspertlər qrupunun birinci iclasından sonra əldə olunmuş inkişaf, həmçinin üzv ölkələrdə BOEM sahəsində, xüsusilə də energetika sahəsində əməkdaşlıq haqqında İƏT-in Tədbirlər Planının (2011-2015-ci illər üzrə) tətbiqi ilə bağlı görülmüş işlər barədə məlumatlar dinlənilmiş, qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.
Əfqanıstan, İran, Türkiyə, Qırğızıstan, Pakistan, Tacikistan və digər üzv ölkələrin nümayəndələrinin iştirak etdikləri iclasda BOEM sahəsində milli siyasət, regional təsiri olan layihə və proqramlar barədə informasiya verilir, investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliyi layihələri, müvafiq qurumlar, beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması və digər məsələlər müzakirə olunur.
Tədbir çərçivəsində xarici ölkə nümayəndələrinin Sumqayıtdakı “Azguntex” PV modulları zavoduna, Sumqayıt Texnologiyalar Parkına, Qobustan Eksperimental Poliqonu və Təlim Mərkəzinə tanışlıq xarakteri daşıyan səfəri də nəzərdə tutulur.