Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun iclası keçirilir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun ikinci İclası başlamışdır.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov qonaqları salamlamış, təşkilatın tarixi və fəaliyyəti haqda danışmışdır.
Diqqətə çatdırılmışdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun birinci İclası 2011-ci ildə İranın Tehran şəhərində keçirilmişdir. Bu iclasda isə əsas məqsəd ötən dövr ərzində həyata keçirilmiş layihələr və mövcud vəziyyət haqda fikir mübadiləsi aparmaqdır. Azərbaycan bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji səmərəliliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın azaldılması məqsədi ilə “20-20-20” direktivinə tərəfdar çıxmışdır. Həmin direktivin tələblərinə əsasən, 2020-ci ilə qədər Avropa İttifaqı ölkələrində ümumi enerji istehlakında alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz aşağı salınması üzrə öhdəliklər müəyyən olunmuşdur. Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə - İRENA-ya üzv qəbul edilmiş, beynəlxalq qurumlarla işgüzar əlaqələr qurmuşdur. BMT-nin “Azərbaycanda dayanıqlı enerjinin inkişafı” layihəsi çərçivəsində səmərəli əməkdaşlıq davam etməkdədir. Dövlət strategiyasına əsasən 2020-ci ilədək ölkədə ABOEM-in istehlak payının 20 faizə çatdırılması nəzərdə tutulur.
İclasda çıxış edən İƏT Katibliyinin enerji, mineral ehtiyatlar və ətraf mühit departamentinin rəhbəri Orxan Zeynalov demişdir ki, dünyada ənənəvi enerji mənbəyi olan karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini aktuallaşdırmışdır. Bildirilmişdir ki, İƏT-in 20-ci ildönümündə sədrliyin Azərbaycana keçməsi təşkilat çərçivəsində əməkdaşlığın artırılması üçün bir stimuldur. Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan İƏT-in iqtisadi yönümlü təşkilat kimi inkişaf etməsini və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir.
İşçi qruplar seçildikdən sonra bərpa olunan enerji mənbələri sahəsində milli siyasət, regional təsirə malik layihə və proqramlar barədə informasiya mübadiləsi aparılmışdır. Həmçinin investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliliyi layihələri, müvafiq qurumlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması və əlaqələrin gücləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.
Agentliyin sədr müavini Cəmil Məlikov çıxışında qeyd etmişdir ki, 2010-2013-cü illər ərzində Azərbaycanda alternativ enerji sahəsinə təxminən 500 milyon ABŞ dolları həcmində investisiya yönəldilmişdir.
Daha sonra tədbirdə iştirak edən İƏT-ə üzv ölkələrin nümayəndələri öz ölkələrində alternativ və bərpa olunan enerji sahəsi haqda təqdimatla çıxış etmişlər.
İƏT-in ekspertlər qrupunun iclası öz işini noyabrın 21-də davam etdirəcəkdir.